Çin tarixinin ən görkəmli hərb strateqi Su Cının muzey kompleksi

Məşhur “Hərb sənəti” kitabının müəllifi olan Çinin hərb nəzəriyyəçisi və strateqi Sun Cının Çin tarixində xüsusi yeri var. Eramızdan əvvəl 544-496-cı illərdə yaşadığı güman olunan Sun Cının müharibə strategiyasından bəhs edən “Hərb sənəti” adlı kitabındakı fikirlər dünyanın ən qədim yazılı hərb strategiyası hesab olunur. 13 hissədən ibarət kitabda Çində Su Cının yaşadığı dövrə qədərki döyüş təlimləri əks olunub. Ustad Sunun təliminin əsasında müharibədən mümkün qədər yayınmaq dayanır. Əgər müharibə qaçınılmazdırsa, onda dövlətin zəifləməməsi üçün döyüşü ən qısa zamanda bitirmək lazımdır. Sun Cı düşmənə onun müdafiəsiz və əks-həmlə imkanı zəif vaxtında hücumu tövsiyə edir.

Tarixçilər onun hərbi doktrinasının “Döyüşən dövlətlər” dövründəki (e.ə. 475–221-ci illər) müharibələrdə uğurla tətbiq olunduğunu yazırlar.

Əslində tarixdə bu adda bir generalın yaşaması barədə dəqiq məlumat yoxdur. Bəzi tarixçilər Su Cının müxtəlif dövrlərdə yaşamış Çin sərkərdələrindən biri olduğunu iddia edirlər. Elə bu səbəbdən Sun Cı Çin mədəniyyətinə əfsanəvi-tarixi şəxsiyyət kimi daxil olub. Onun “Hərb sənəti” əsərindəki nəzəriyyələr Çin sərhədlərini aşaraq, ölkədən kənarda da tədqiq edilib.

Çin tarixinin ən görkəmli hərb strateqinin doğulduğu Şandon əyalətinin Huymin şəhərində “Sun Cı hərb sənəti” muzey kompleksi fəaliyyət göstərir. 4A kateqoriyalı turizm kompleksi 2003-cü ildə açılıb və 15 zaldan ibarətdir. Muzeydə Sun Cının həyatına və yaradıcılığına, habelə Çinin hərb tarixinə dair məlumatlar, kitablar, digər eksponatlar nümayiş olunur. Muzey açılandan bəri onu təxminən 5 milyon turist ziyarət edib.

SİA AZƏRTAC-a istinadən muzey kompleksindən hazırladığı fotosessiyanı təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə