Ukrayna və Yaponiya təhlükəsizlik haqqında saziş imzalayıblar

Ukrayna və Yaponiya təhlükəsizlik haqqında ikitərəfli saziş imzalayıblar. Bu barədə SİA Prezident Volodimir Zelenskinin tviterinə istinadla xəbər verir.

Zelenskinin sözlərinə görə, cari il ərzində Yaponiya Ukraynaya 4,5 milyard dollar ayıracaq və sənədin qüvvədə olduğu 10 il ərzində Ukraynanı dəstəkləyəcək.

“Təhlükəsizlik və müdafiə sahəsində yardım, humanitar, texniki və maliyyə sahələrində əməkdaşlıq, sülh düsturunun bəndlərinin, təcavüzkara qarşı sanksiyaların reallaşdırılması və onun məsuliyyətə cəlb edilməsi naminə birgə iş – bu həm də, bu gün imzalanmış sazişi təsbit edir. Yaponiyanın Ukrayna ilə həm də bərpa üçün çalışacağını qiymətləndiririk”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Qeyd edək ki, saziş Sakit Okean regionu ölkəsi ilə bağlanmış ilk razılaşmadır.

İmzalanan sənəd Yaponiyanın Konstitusiya məhdudiyyətləri nəzərə alınmaqla Ukraynaya ölümcül olmayan avadanlıqların verilməsini nəzərdə tutur.

Bundan əlavə, Yaponiya yaralı Ukrayna döyüşçülərinin müalicəsini təmin edəcək, kəşfiyyat və məxfi məlumatların qorunması sahələrində əməkdaşlıq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə