Belarus Ermənistandakı səfirini geri çağırıb

Belarus Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz bildirib.

“Biz hamımız bu gün Ermənistanda daxili siyasi vəziyyətin nə qədər mürəkkəb olduğunu, ölkə daxilində qarşıdurmanın nə qədər sürətlə gərginləşdiyini görürük. Müxtəlif insanlar, əlbəttə ki, ciddi emosional stresə qarşı fərqli müqavimət göstərirlər. Bunu başa düşə bilərik. Ancaq bir şeyi başa düşmürük - Belarusun bununla nə əlaqəsi var?” - XİN-in mətbuat katibi bildirib.

Onun sözlərinə görə, bu məsələni aydınlaşdırmaq üçün Ermənistan səfirliyindəki nümayəndə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Vəziyyətin gedişatından asılı olaraq, İrəvanda olan səfirimiz də yaxın vaxtlarda Minskə qayıdacaq”, - Anatoli Qlaz deyib.

O vurğulayıb ki, Ermənistanda kimsə diqqəti daxili problemlərdən yayındırmaq üçün xarici düşmən amilini ortaya atıbsa, bu, heç də uzaqgörən mövqe deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə