Gözlənilən zəlzələ daha böyük olacaq

Gözlənilən zəlzələ daha böyük olacaq

ABŞ-da aparılan araşdırma qorxunc həqiqəti üzə çıxarıb. Buna uyğun olaraq, Kanadanın Vankuver adasından ABŞ-ın Kaliforniya əyalətinin şimalına qədər uzanan bölgədə gözlənilən böyük zəlzələ daha böyük və daha dağıdıcı ola bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, gündəm yaradan zəlzələ araşdırması ABŞ-da aparılıb.

“Science Daily” jurnalının məlumatına görə, ABŞ Milli Elm Fondunun təşəbbüsü ilə aparılan araşdırmada Sakit Okeanın şimalında Kaskadiya subduksiya zonası boyunca dəniz dibinin altında yerləşən bir çox mürəkkəb strukturlar haqqında əhatəli məlumatlar əldə edilib. Kanadanın Britaniya Kolumbiyası sahillərində və ABŞ-ın Vaşinqton və Oreqon əyalətlərində 41 günlük araşdırma nəticəsində əldə edilən məlumatlarda Kaskadiya subduksiya zonasında yer qabığının iki qatının bir-birinə doğru sürüşdüyü müəyyən edilib.

Tədqiqatçılar istifadə etdikləri yeni texnologiyalarla bu təbəqələrin forması və hərəkətləri ilə bağlı əldə etdikləri məlumatların onların həyəcanverici dərəcədə böyük zəlzələlər və nəhəng dalğalar yarada biləcəyini göstərdiyini ifadə etdilər. Tədqiqatçılar araşdırmada əldə edilən məlumatlarla növbəti Kaskadiya zəlzələsinin maqnitudası və yeri ilə bağlı proqnozların daha doğru olduğunu qeyd edir və bölgədəki yer qabığının plitələrindəki hərəkətin daha böyük maqnitudada zəlzələ yaratma potensialına malik olduğunu qiymətləndirirlər. Tədqiqatçılar qeyd ediblər ki, bu məlumatların işığında regionda mümkün güclü zəlzələnin vaxtı barədə proqnoz vermək çox çətindir. Bölgədə baş vermə ehtimalı olan zəlzələnin böyüklüyünün 9 və ya daha çox olma potensialının olduğunu bildirən tədqiqatçılar bunun 2011-ci ildə Yaponiyada Fukuşima nüvə fəlakətinə səbəb olan zəlzələyə bənzər təsir göstərə biləcəyini qiymətləndirirlər.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə