“İranda keçiriləcək seçkilər indiyə qədərki seçkilərdən aktivliyinə görə fərqlənir” - ŞƏRH EDİLDİ
“İranda bu il keçiriləcək növbədənkənar prezident seçkiləri indiyə qədər olan seçkilərdən aktivliyinə görə fərqlənir. Sonuncu seçkilərdə İranda 100-dən artıq namizəd prezidentlik uğrunda yarışa qatılmışdı. Amma bu dəfəki seçkilərdə cəmi 22 namizədin seçki kampaniyasına qoşulduğunun şahidi olduq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Politoloq bildirib ki, keçən il olduğu kimi İranda qanunvericiliyə görə, namizədlərin irəli sürülməsinin qeydiyyat prosesindən sonra Konstitusiya Müdafiə Şurası namizədləri seçir. Namizədlərin prezidentliyə uyğun olub-olmaması ilə bağlı qərar verir. Beləliklə, sonda olduqca az sayda namizəd seçki kampaniyasında iştirak edir: "Sonuncu dəfə keçirilən seçkilərdə 120 namizəd qeydə alınmışdı, amma sözügedən şura tərəfindən nəticə etibarilə seçkiyə cəmi 7 namizəd buraxıldı. Onlardan biri isə öz namizədliyini geri götürdükdən sonra cəmi 6 namizəd seçkilərdə iştirak etdi. Bu dəfə də eyni şəkildə bir qisim namizədlərin namizədlər sırasından çıxarılması baş verəcək.
Amma ümumilikdə İranda prezident postu birinci post hesab olunmur və ölkənin siyasətini daha çox Ali dini lider həyata keçirir. Bu səbəbdən də kimin prezident seçilməsindən asılı olmayaraq, İranın nə daxili, nə də xarici siyasətində kəskin dönüşə şahidlik etməyəcəyik. Bu dəfəki seçkilərdə də mühafizəkar “qanadın” nümayəndələri daha çox üstünlük təşkil edir. Şuranın sona saxladığı namizədlər seçkiyə böyük ölçüdə təsir göstərir və nəticədə əhalinin böyük əksəriyyəti seçkidə iştirakdan imtina edir. Son iki prezident seçkilərində seçici fəallığının cəmi 50 faizi, parlament seçkilərində isə bu fəallığın cəmi 40 faizə düşməsi də məhz bunun nəticəsi idi. Düşünürəm ki, bu dəfə də İranda seçkilər böyük bir seçici fəallığı ilə qeydə alınmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB