Fələstin administrasiyasından İrana sərt reaksiya

Fələstin administrasiyasından İrana sərt reaksiya

Fələstin administrasiyası İran lideri Əli Xamneyinin Qəzza zolağında atəşkəs razılaşmasına ümid qalmaması barədə bəyanatına sərt reaksiya verib. SİA xəbər verir ki, Fələstin rəhbərliyi İran lideri Əli Xamneyinin Qəzza zolağında atəşkəs razılaşmasına ümid qalmaması barədə açıqlamasına reaksiya göstərərək, hücumlardan ilk olaraq Fələstin xalqının təsirləndiyini və onların davam etdirilməsinin bədəlini ödədiyini bildirib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Fələstin administrasiyası Xamneyinin “Bu müharibə (Oktyabrın 7-dən Qəzza zolağında davam edən münaqişələr) düşmənin (İsrailin) ​​öz planını həyata keçirməyə çalışdığı kritik bir vaxta gəlib çatıb. Heç kim ümidlərini Qəzzada atəşkəs razılaşmasına bağlamamalıdır", sözləri ilə bağlı yazılı açıqlamasını üzülərək və təəssüflənərək şərh edib.

Bəyanatda, "İsrail müharibəsinin və onun davam etdirilməsinin bədəlini Fələstin xalqı ödəyir və qanını tökən bu müharibədən ilk olaraq Fələstin xalqı təsirlənir" deyilir. Bəyanatda Xamneyinin bu açıqlamalarının Fələstin xalqının qanını israf etmək mənasına gəldiyi ifadə edilərək, "Fələstin xalqı yüz ildir vuruşur və mübarizə aparır. Fələstin xalqının öz məqsədlərinə xidmət etməyən müharibələrə ehtiyacı yoxdur. "Bu, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasına səbəb olmayacaq", deyilib.

Açıqlamada tələblərinin işğala son qoyulması və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması olduğu vurğulanıb və Fələstinin milli məqsədlərinə xidmət etməyən siyasətlərin qəbul edilmədiyi qeyd edilib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden mayın 31-də Ağ Evdəki çıxışında İsrailin 3 mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini və birinci mərhələdə 6 həftəlik atəşkəs prosesində İsrailin Qəzzadakı yaşayış məntəqələrindən geri çəkiləcəyini bildirib və tərəflərin tutduğu məhbusların sərbəst buraxılmasını nəzərdə tutduğunu söyləyib.

SƏBİNƏ

Bütün xəbərlər Facebook səhifəmizdə