Fitso xəstəxananı tərk etdi

Slovakiyanın baş naziri Robert Fitso xəstəxanadan evə buraxılıb. SİA xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Məlumatı Banska Bistriska xəstəxanası da təsdiqləyib. Bildirilib ki, növbəti müayinələri keçdikdən və reabilitasiyaya başladıqdan sonra Fitsonun səhhətində müsbət irəliləyiş müşahidə olunub.

“Fürsətdən istifadə edərək, ona intizamlı bir xəstə olduğuna, üstün işlərinə görə əla səhiyyə komandamıza, peşəkar yanaşmalarına görə bütün silahlı qüvvələrə və bəxş etdikləri müsbət enerjiyə görə bütün insanlara səmimi qəlbdən təşəkkür etmək istərdim", - xəstəxana direktoru deyib.

Xatırladaq ki, may ayının 15-də Slovakiyanın mərkəzi Handlova şəhərində Fitso yaxın məsafədən 4 güllə ilə vurulmuşdu. 59 yaşlı baş nazir qarnından həyatı üçün təhlükə yaradan xəsarətlər almış və üzərində çoxsaylı əməliyyatlar keçirilmişdi.

Juraj Cintula kimi tanınan 71 yaşlı cinayətkar hadisə yerində yaxalanıb və qəsdən adam öldürməyə cəhddə ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə