“Aksiyalar hakimiyyət dəyişikliyi məqsədi güdür” - ŞƏRH EDİLDİ

“Ermənistan və Gürcüstanda baş verən hadisələrin Rusiya və Qərb arasındakı savaşın tərkib hissəsi olduğu heç kimə sirr deyil. Gürcüstanda öz hakimiyyəti altına almaq istəyən Qərb, Ermənistanda isə öz mövqelərini qoruyub saxlamaq istəyən və Qərbə doğru meyillənən Ermənistan hakimiyyətinə təzyiq göstərmək istəyən Rusiya var. Hər iki tərəfin bir-birilə mübarizəsi Cənub Qafqaz uğrunda mübarizənin əsas elementidir. Çünki ölkələrin hakimiyyətləri faktiki olaraq ölkənin siyasətini və ondan sonrakı yolunu müəyyənləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq bildirib ki, Rusiya indiyə qədərki ənənəvi mövqeyini saxlamaq, Qərb isə Cənubi Qafqazı öz təsir dairəsinə alıb Rusiyanı regionda sıxışdırmaq üçün müvafiq addımlar atır: “Aksiyalar da məhz buradan qaynaqlanır. Hər iki aksiyanın ortaya qoyduğu məqsəd məlumdur. Belə ki, aksiyalar hakimiyyət dəyişikliyi məqsədi güdür. Ermənistanda dörd kəndin qaytarılmasına etiraz olaraq başlayan aksiyalar nəticə etibarilə hakimiyyət uğrunda mübarizə aparılmasının elan olunması ilə müşahidə olunur.

Gürcüstanda isə prezidentin xarici təsirlərin şəffaflığı haqqında qanuna veto qoymasından sonra aksiyalar başladı. Prezident xalqa müraciətində də seçkilərə hazırlaşmaqla bağlı ismarıc vermiş oldu. Bu baxımdan indiki etirazlar dalğasını Qərb seçki kampaniyasına yönəltmək və bunun nəticəsində də Gürcüstanda hakim partiyanın mövqelərini zəiflətməyə çalışır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə