Stiven Spilberqin yeni filminin premyerasının tarixi açıqlanıb

Rejissor Stiven Spilberqin yeni filminin premyerası 2026-cı ilin may ayına planlaşdırılıb. SİA xarici mediaya istinadla xəbər verir ki, rejissor bu filmi “Universal Pictures” kinoşirkəti ilə əməkdaşlıq çərçivəsində ərsəyə gətirəcək. Studiya ekran əsərinin adını və süjetini açıqlamasa da, layihəni “yeni orijinal film hadisəsi” adlandırıb. Bu barədə “Variety” nəşri yazıb.

Kinolentin ssenari müəllifi S.Spilberqin “Yura dövrü parkı”, “Dünyaların savaşı” və “İndiana Cons və Büllur Kəllə Krallığı” kimi məşhur filmlərinə ssenari yazan David Kepp olacaq. Filmin prodüseri S.Spilberqin son layihələrindən biri olan “Fabelmans” dramı üzərində birgə işlədiyi Kristi Makosko Kriger olacaq.

Aprel ayında “Variety” nəşri, S.Spilberqin David Keppin ssenari müəllifi olduğu yadplanetlilər haqqında olacaq film üzərində işlədiyini yazıb.

Hazırda S.Spilberq “Bullit” filmi üzərində işləyir. Bu, 1968-ci ilin eyniadlı filminin remeykidir. Trillerin qəhrəmanı hadisə barədə xəbər verən şəxsin qətlini araşdıran polisdir. Filmdə baş rolu Bredli Kuper oynayacaq. Ekran əsəri 2025-ci ildə nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə