İsveç iki ASC 890 təyyarəsini Ukraynaya təhvil verəcək

İsveçin Ukraynaya mayın 29-da elan etdiyi hərbi yardım paketinə Erieye radarları ilə təchiz edilmiş iki Saab AB ASC 890 təyyarəsi daxildir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunlardan pilotsuz təyyarələr, raketlər, eləcə də dəniz hədəflərini aşkar etmək üçün istifadə edilə bilər.

“Bloomberg” agentliyi xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yunson Stokholmda keçirdiyi mətbuat konfransında bildirib.

Deyilənlərə görə, ASC 890 Ukraynaya hava və dəniz hədəfləri ilə mübarizə aparmaq üçün yeni imkanlar verəcək. Ukraynanın uzaq mənzilli hədəfi aşkar etmə imkanları gücləndiriləcək.

Bundan əlavə, “F-16”-lar xidmətə girəndə onlar güc artırıcı rolunu oynayacaqlar.

Yunsonun dediyinə görə, Erieye-nin effektiv müşahidə sahəsi 500 min km²-dən çoxdur və döyüş təyyarələrini, helikopterləri eləcə də qanadlı raketləri aşkar etməyə, izləməyə kömək edir.

Yeri gəlmişkən, İsveç “Gripen” qırıcılarının Ukraynaya ötürülməsi imkanını nəzərdən keçirib, lakin mayın 28-də Yunson bildirib ki, ölkə bu məsələ ilə bağlı müzakirələri dayandırır.

O bildirib ki, Ukraynaya Amerika istehsalı olan “F-16” qırıcıları verməyi planlaşdıran koalisiya ölkələri İsveçi “Gripen” sistemi ilə gözləməyə çağırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə