Cənubi Koreya zenit raketinin hazırlığını başa çatdırıb

Koreya Respublikası L-SAM (“Long-range Surface-to-Air Missile”) uzun mənzilli “yer-hava” tipli raketinin hazırlanmasını başa çatdırıb. SİA-nın məlumatına görə, bu barədə "Yonhap" agentliyi ölkənin Müdafiə Proqramları İdarəsinə istinadən xəbər yayıb.

Məlumata görə, kompleks bu yaxınlarda döyüş şəraitində istifadə üçün əlverişli kimi tanınıb. Onun istehsalına 2024-cü ildə başlanması planlaşdırılır və 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir. L-SAM 50-60 km yüksəklikdəki hədəflərlə döyüş üçün nəzərdə tutulub. Hazırda inkişafda olan “L-SAM Block-II” daha yüksək hədəfləri tutmağa qadir olacaq.

Koreya Respublikasının hava hücumundan müdafiəsi 40 km-dən çox hündürlükdə hədəfləri məhv etmək vasitəsi kimi yarımadanın cənubundakı Amerika kontingentinin arsenalında olan THAAD sistemlərinə əsaslanır.

Ölkənin silahlı qüvvələri 40 km-ə qədər hündürlükdə təyyarələri məhv etmək üçün özünün inkişaf etmiş orta mənzilli zenit-raket komplekslərinə və Amerikanın “patriot”larına malikdir. Buna görə də yerli media L-SAM-ı Cənubi Koreyanın THAAD adlandırır.

Agentlik qeyd edib ki, yeni zenit-raket kompleksi istifadəyə verildikdən sonra “üç ox” konsepsiyasının tərkib hissəsi olan raketdən müdafiə sistemində əsas rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə