Antiislamçı Rasmus Paludan Avropa İttifaqı seçkilərində iştirak edir

Quranın yandırılması ilə bağlı bir sıra aksiyalardan sonra məşhurlaşan ifrat sağçı siyasətçi Rasmus Paludan İsveçdə bu yaxınlarda yaradılan "Folklistan" Partiyasından Avropa İttifaqı seçkilərində, həm də partiya yoldaşlarının razılığı olmadan namizədliyini irəli sürüb. SİA xəbər verir ki, Danimarka və İsveç vətəndaşı olan Paludan Avropa İttifaqına seçkilərdə açıq siyahıda qeydə alınmış 500-dən çox namizəddən biridir.

“Seçkilər öncəsi açıq siyahıdan istifadə etmək qərarına gəldik, 500-dən çox insan namizəd olmaq arzusunu bildirdi. Onların arasında öz işinə səmimiyyətlə yanaşan gözəl insanlar var. Lakin açıq siyahı həm də Paludan kimi səfehlərə namizəd olmaq imkanı verir”, – deyə Folklistan partiyasının qurucularından Sara Skittedal deyib.

O, həmçinin Paludanın partiyada xoş qarşılanmadığını və “əsas demokratik dəyərlərə hörmət etmək” tələbinə cavab vermədiyini bildirib.

Paludan Aİ Parlamentində uğur qazana biləcəyini hesab edir. Eyni zamanda, onun bu qərarı şəxsi səbəblərdən qaynaqlanır.

“Avropa Parlamentinə daxil olsaydım, bu, İsveç polisini İsveçdə məni qorumağa məcbur edəcəkdi. Bu gün mən öz ölkəmdə sərbəst hərəkət edə bilmirəm”, - deyə Paludan vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə