İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın yaxın vaxtlarda İraqın şimalında və Suriyada PKK yaraqlılarına qarşı sərhədyanı əməliyyatlar keçirməyi planlaşdırdığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə Ərdoğan Ankarada başçılıq etdiyi Nazirlər Kabinetinin iclasından sonra deyib.

Bildirib ki, yaxın gələcəkdə İraq və Suriyadakı əməliyyatlar nəticəsində manevr imkanları xeyli daralmış terror təşkilatına qarşı məqsədyönlü zərbə endiriləcək.

Türkiyə ilə həmsərhəd olan ölkənin şimalında təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq planlarına toxunan Ərdoğan bildirib: "Müttəfiqlərimizin vədləri pozulduğu üçün Suriyada yarımçıq qalan işləri lazımi vaxt gəldiyində mütləq başa çatdıracağıq".

Bundan əvvəl Türkiyə Prezidenti 30-40 kilometrlik təhlükəsizlik zonasının yaradılmasını yaya qədər başa çatdırmaq planlarından danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə