Türkiyə neft hasilatında rekorda imza atıb...

Türkiyə tarixində ilk dəfə neft hasilatında rekorda imza atılıb. Gündəlik neft hasilatı 100 min bareli ötüb.
Bu prosesdə Qabarda kəşf edilən neft böyük rol oynayıb. Şəhid Aybüke Yalçın və Şəhid Esma Çevik yataqlarında gündəlik hasilat 40 min bareli ötüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Beləliklə, Türkiyə 2024-cü il üçün neft hasilatı hədəfinə nail olub.
2024-cü il üçün yeni hədəf əvvəlcə 150 min barelə, sonra isə 200 min barelə çatmaqdır.
''Türkiyə Petrolları Anonim Ortaqlığı'' (TPAO) şirkəti Şehit Aybüke Yalçın yatağında kəşf edilən yeni neft ehtiyatının təxminən 1 milyard barel, hasil edilə bilən ehtiyatın isə təxminən 600 milyon barrel olduğunu hesab edir.
Şırnak istehsalda əhəmiyyətli rol oynasa da, sözügedən sahələrin çox qısa müddətdə genişləndirilməsi gözlənilir.
Əvvəla, çox qısa müddətdə Hakkari və Vanda yeni qazma fəaliyyətləri başlayacaq.
Bu bölgədə xüsusilə ''Şehit Teğmen Akdeniz'' bölgəsində əhəmiyyətli miqdarda neft ehtiyatının olduğu təxmin edilir. Qazma fəaliyyətlərinin 2500-4500 metr dərinlikdə aparıldığı bildirilir.
Uzunmüddətli perspektivdə 14 əyalətdəki 18 yataqda neft kəşfiyyatı fəaliyyətlərinə başlanılacaq.
Bu vilayətlərə Van və Hakkari ilə yanaşı, Qaziantep, Antalya, Çanaqqala, Şanlıurfa, Zonguldak, Diyarbakır, Bartın, Karabük, Kastamonu, Elazığ, Ədirnə, Kahramanmaraş və Kilis daxildir.
Neft hasilatının artması ilə Türkiyənin ilkin mərhələdə neftə olan ehtiyacının 20 faizini milli ehtiyatlar hesabına qarşılaması gözlənilir. Bunun cari kəsirin azalması istiqamətində müsbət addım olacağı vurğulanır.
Yeni kəşflərin Türkiyə iqtisadiyyatına illik töhfəsinin 3 milyard dollardan çox olacağı təxmin edilir.
Türkiyə hazırda bölgədə neft nəqlini quru yolu ilə həyata keçirir. Ancaq Qabar və bölgədəki digər neftin əsas xətlərə nəqli üçün boru kəməri ilə bağlı işlər davam etdirilir.
Qabardan BOTAŞ-ın İdil stansiyasına xam neft kəməri çəkilir. Artıq xəttin təxminən yarısı tamamlanıb. Sözügedən neft İdil stansiyasından Ceyhana və Dörtyola çatdırılacaq. Bu, neftin daha asan ixracına zəmin yaradacaq.
Lakin Türkiyənin neft macərası təkcə qurudakı yataqlarla məhdudlaşmır.
Dəniz sahələrində kəşfiyyat işləri 4 qazma gəmisi ilə davam edir. ''Fatih'', ''Yavuz'' və ''Qanuni'' qazma gəmiləri Qara dənizdə, ''Abdülhəmid Han'' isə Aralıq dənizi bölgəsində seysmik araşdırma və qazma işləri aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə