Ərdoğan İraqda səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 illik fasilədən sonra İraqa rəsmi səfər edib. SİA Anadolu Agentliyinə istinadən xəbər verir ki, səfər zamanı iki ölkə arasında təhlükəsizlik başda olmaqla, enerji, kənd təsərrüfatı, su, səhiyyə, təhsil və digər sahələri əhatə edən 20-yə yaxın sənədin imzalanması nəzərdə tutulur.

Türkiyə Prezidentinin Bağdad və Ərbildə İraq Prezidenti Əbdüllətif Camal Rəşid və Baş nazir Məhəmməd əl-Sudani ilə keçirəcəyi görüşlərdə Yaxın Şərqdəki son hadisələr, təhlükəsizlik, ticarət əlaqələri kimi məsələlər nəzərdən keçiriləcək. Müzakirə olunacaq əsas mövzular arasında terrorla mübarizə, İraqın su probleminin həlli, eləcə də Türkiyəyə təbii qaz və neft ixracı yer alır.

Eyni zamanda, Türkiyə İraqla terrora qarşı birgə əməliyyat mərkəzi yaratmağı planlaşdırır. Səfər zamanı bununla bağlı məsələlərin də müzakirəsi gözlənilir.

Səfər çərçivəsində İraqda biznes forumun keçirilməsi də nəzərdə tutulur. Tədbirdə Türkiyə ilə İraq arasında ticarətin həcminin artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə