İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

İranın Parisdəki konsulluğu ətrafına polis müdaxiləsindən sonra bir nəfər həbs edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs saxta partlayıcı jilet geyinib.

Paytaxtın 16-cı məhəlləsində, Rue Fresneldə yerləşən İran konsulluğunun ərazisi tamamilə əhatəyə alınıb və çoxsaylı polis qüvvələri hələ də hadisə yerindədir. Təhlükəsizlik perimetri “əlində qumbara və ya partlayıcı jilet olan bir nəfərin konsulluğa girdiyi göründükdən sonra qurulub.

Şübhəli şəxsin konsulluqdan çıxaraq könüllü təslim olduğu bildirilir. Dindirildikdən sonra onun cinayətkar keçmişi olduğu və 2023-cü ilin sentyabrında İran konsulluğunda yanğın törətməyə cəhd etdiyi məlum olub. Bu cəhdinə görə səkkiz aylıq həbs cəzasına məhkum edilən həmin şəxsin Parisin 16-cı dairəsində beş il müddətinə görünməsinə də qadağa qoyulmuşdu.

Paris prefekti konsulluğun “müdaxilə tələbindən” sonra elit polis bölməsi olan təhqiqat və müdaxilə briqadasını (BRI) səfərbər edib. Polis qüvvələri hələ də diplomatik nümayəndəliyin ətrafındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə