Mer: "Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir"

ABŞ siyasətçiləri Rusiyanın Ukraynaya uzunmənzilli raket zərbələrinin qarşısını almaq üçün lazım olan hava hücumundan müdafiəni əldə etmək üçün yeni hərbi yardım çağırışına biganə qalsalar, Xarkov ikinci Hələbə çevrilmək riski ilə üzləşəcək.

SİA xəbər verir ki, bu fikri The Guardian nəşrinə müsahibəsində Xarkov şəhər meri İqor Terexov bildirib.

Onun sözlərinə görə, Rusiya taktikasını dəyişib, Xarkovun elektrik təchizatını pozmaqla, yaşayış məntəqələrini atəşə tutmaqla şəhərin 1,3 milyon sakinini qorxutmaq istəyir və insanları saatlarla işıqsız qoyur.

Terexov hazırda ABŞ Konqresinin ləngitdiyi 60 milyard dollarlıq hərbi yardım paketinin Ukrayna üçün kritik olduğunu deyib və Qərbi diqqəti iki illik müharibəyə yönəltməyə çağırıb.

"Xarkovun ikinci Hələbə çevrilməsinin qarşısını almaq üçün bu dəstəyə ehtiyacımız var", - deyə mer vurğulayıb.

Xatırladaq ki, Suriyanın Hələb şəhəri 2012-ci ildən müharibə içərisindədir. 2016-cı ildə müxalif qüvvələrin və mülki əhalinin gizləndiyi Hələbin şərqi intensiv bombalanmağa başlanıb. Bu amansız bombardmanlar minlərlə insanın ölümü və şəhərin böyük hissəsinin dağılması ilə nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə