Bayram günlərində Türkiyə nəqliyyatında rekordlar, qəzalar və nəticələr

Ramazan Bayramı münasibətilə Türkiyədə tətbiq edilən doqquz günlük tətil ərzində ölkənin hava limanlarından rekord sayda sərnişin istifadə edib. SİA xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

Nazir bildirib ki, bu müddət ərzində Türkiyə aeroportlarından ümumilikdə yerinə yetirilən 42 min 573 səfərlə 6 milyon 852 min 948 sərnişin səyahət edib. Ölkənin turistik bölgələrinə edilən səfərlər isə rekord həddə çatıb. Belə ki, aprelin 5-dən 14-dək İstanbul hava limanında hərəkət edən 14 min 546 təyyarə ilə 2 milyon 212 min 709 nəfər səfər edib. Ankaranın Esenboğa, İzmirin Adnan Menderes və Antalya hava limanları da bu günlərdə rekord sayda vətəndaşa xidmət göstərib. Ən çox sərnişin sayı aprelin 14-də qeydə alınıb.

Avtomobil yollarında isə vəziyyət bu qədər ürəkaçan olmayıb.

Belə ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın verdiyi məlumata əsasən, doqquz günlük tətil ərzində ölkə yollarında 6 min 530 nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində 75 nəfər həlak olub, on mindən çox insan yaralanıb.

Bayram günlərində ölkə üzrə təhlükəsizlik qüvvələrinin 26 min 804 əməkdaşının fəaliyyət göstərdiyini qeyd edən nazir buna baxmayaraq qəzaların böyük əksəriyyətinin yol-nəqliyyat qaydalarını pozmaqdan irəli gəldiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə