Peruda 6 nazir istefa verdi

Peruda prezident Dina Boluarte ilə bağlı dəbdəbəli saat qalmaqalı hökumət böhranına çevrilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin 18 nazirindən altısının istefa verdikləri açıqlanıb.

Prezident Boluarte isə “Rolex” markalı saatlarla bağlı qanunsuz varlanma iddiası ilə açılan istintaq çərçivəsində ona qarşı irəli sürülən ittihamları rədd edir. Daxili işlər naziri Nazirlər Şurasının iclasından sonra ailə problemlərini əsas gətirərək, tutduğu vəzifədən istefa verdiyini açıqlasa da, bir neçə saat sonra təhsil, qadın, kənd təsərrüfatının inkişafı, istehsal və xarici ticarət nazirləri də istefalarını elan ediblər. Lakin bu nazirlərin heç biri getmələri üçün heç bir səbəb göstərməyib. Hökumətin üçdə birinin istefası Dina Boluartenin evində və prezident ofisində gözlənilməz axtarışdan sonra baş verib.

Polis və hakimlər prezidentin əmlak bəyannaməsində qeyd olunmadığından şübhələnilən “Rolex” markalı saatların arxasınca düşüblər. Boluarte yalnız bir saatı olduğunu bildirsə də, prokurorluq ondan 5 aprel cümə günü göndərilməsi gözlənilən çağırış vərəqəsi ilə sahib olduğu bütün saatları bəyan etməsini tələb edir. Prezident isə hökumət evindəki əməliyyatlar zamanı polisin bu zinət əşyalarının bir qismini tapdığını, lakin heç bir “Rolex” tapılmadığını iddia edir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə