Ruslar miqrantları kütləvi şəkildə ölkədən çıxarır...

Sankt-Peterburqda məhkəmələr 400-dən çox miqrantın deportasiyasına qərar verib
Ruslar miqrantları kütləvi şəkildə ölkədən çıxarır...

...Sankt-Peterburqda Rusiya hakimiyyətinin miqrasiya qanunlarını pozan 400-dən çox xarici vətəndaş ölkədən məcburi şəkildə çıxarılacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri şənbə günü Sankt-Peterburq məhkəmələrinin mətbuat xidməti yayıb.

Son bir həftə ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın bir sıra digər şəhərlərində olduğu kimi, Sankt-Peterburqda da miqrantların qaldıqları yerlərdə kütləvi reydlər keçirib.

İddia olunur ki, son beş gün ərzində Sankt-Peterburq məhkəmələrinə miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 600-ə yaxın iş daxil olub.

Onlardan, hələ ki, 418 qanun pozucusu ölkə hüdudlarından kənara çıxarılmaqla cəzalandırılıb.

“Fontanka”nın məlumatına görə, onlar Xarici Vətəndaşların Müvəqqəti Saxlama Mərkəzinə yerləşdiriliblər. Eyni zamanda, İnsan Hüquqları üzrə Müvəkkilin İdarəsi daha əvvəl məlumat vermişdi ki, Sankt-Peterburqda yeganə belə mərkəz maksimum 336 nəfəri qəbul edə bilər.

...Bundan əvvəl “Birinci şöbə” insan haqları layihəsi xəbər vermişdi ki, Sankt-Peterburqda hüquq-mühafizə orqanları genişmiqyaslı “Antimiqrant” əməliyyatı keçirir. Əcnəbilərin maraqlarını müdafiə edən hüquqşünaslardan biri bildirib ki, artıq deportasiyalar başlayıb - miqrantlar kütləvi şəkildə ölkədən təyyarələrlə yola salınır.

Yeri gəlmişkən, Moskvada son bir həftə ərzində məhkəmələrə miqrasiya qanunlarının pozulması ilə bağlı təxminən 1,5 min iş daxil olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə