İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

Biz İsraili Rəfah şəhərində hərbi əməliyyat həyata keçirməməyə çağırırıq. Ümid edirəm, İsrail tərəfi bunun səhv addım olduğunu və nəticədə daha çox mülki şəxsin əziyyət çəkəcəyini başa düşür.

SİA xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib. İsrail tərəfindən Rəfahda müharibənin davam etməməsini istədiklərini vurğulayan Baş nazirin müavini İtaliya hökumətinin girovların geri qaytarılması və Qəzzada mülki əhaliyə ərzaq yardımının çatdırılmasının tərəfdarı olduğunu bir daha diqqətə çatdırıb.

“Biz iki xalqın, iki dövlətin həll yolu tapması üçün çalışırıq. Bu, çox çətindir. Tərəflər razılaşmır, lakin bölgənin sabitliyi üçün çalışmalıyıq”, - deyə nazir qeyd edib.

İtaliyanın “Qəzza üçün qida” adlı təşəbbüsündən danışan Antonio Tayani hazırda Qəzza zolağına ayrılan 20 milyon avro yardımdan savayı, bu layihə çərçivəsində əlavə 20 milyon avro sərmayə yatıracaqlarını bildirib.

Xatırladaq ki, ötən həftə İtaliyanın Baş naziri Ciorcia Meloni də İsrail tərəfinin Rəfah şəhərinə nəzərdə tutduğu genişləndirilmiş hərbi əməliyyat planına qarşı olduğunu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə