Almaniya Putini Rusiya prezidenti kimi tanımayacaq?

Almaniya Xarici İşlər Nazirliyi Rusiyada keçirilən səsverməni “psevdoseçkilər” adlandırıb

...SİA-nın bayaq da alman mətbuatına istinadən xəbər verdiyi kimi, Berlin Rusiyada martın 15-17-də keçirilən prezident seçkilərini legitim hesab etmir.

Məhz buna görə də Almaniya kansleri Olaf Şolz Vladimir Putini qələbə münasibətilə təbrik etməyəcək.

“DW” xəbər verir ki, bu bəyanatla bazar ertəsi, martın 18-də Almaniya hökumətinin rəsmi nümayəndəsinin müavini Kristian Hofman çıxış edib.

Qeyd edək ki, bundan əvvəl Almaniya prezidenti Frank-Valter Ştaynmayer bəyan etmişdi ki, o, Putini Rusiya dövlətinin başçısı kimi səlahiyyətlərini saxlaması münasibətilə təbrik etmək niyyətində deyil.

...Almaniya Rusiya Federasiyasında keçirilən seçkiləri nə azad, nə də ədalətli hesab etmir.

...Almaniya kansleri Vladimir Putini təbrik etmədi və bildiyiniz kimi, biz Rusiyada həftəsonu keçirilən bu qondarma “seçkiləri” nə azad, nə də ədalətli hesab etmirik. Çünki nəticə əvvəlcədən məlum idi.

Deməli, bunu Hoffman hökumətin mətbuat konfransında bildirib.

...Bizim qiymətləndirməmizə görə, bu seçkilər demokratik olmadı: real rəqiblər seçkiyə buraxılmadı, hədə-qorxu mühiti hökm sürdü, həbslər oldu,..çünki Rusiyada fikir azadlığı yoxdur. Bu gün Rusiya, alman kanslerin qeyd etdiyi kimi, diktaturadır və Vladimir Putin tərəfindən avtoritar şəkildə idarə olunur. Bundan əlavə, bizim nöqteyi-nəzərimizdən Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində seçkilərin keçirilməsi son dərəcə problemlidir və qınaq obyektidir. Biz bunu heç bir şəkildə etiraf etmirik. Bu ərazilərdə yalnız Ukraynanın seçki keçirmək hüququ var. Bu qondarma “seçkilər”ə verdiyimiz qiymətdir və ona görə də kansler Olaf Şolz Putini təbrik etmədi.

Xatırladaq ki, bundan əvvəl, martın 17-də Almaniya Xarici İşlər Nazirliyi Rusiyada keçirilən səsverməni “psevdoseçki” adlandırmışdı.

...Rusiyada keçirilən psevdoseçkilər nə azad, nə də ədalətli keçib, onların nəticəsi heç kəsi təəccübləndirmir.

Bunu Almaniya Xarici İşlər Nazirliyi bəyan edib.

...Ukraynanın işğal olunmuş ərazilərində keçirilən “seçkilər” tamamilə etibarsızdır və beynəlxalq hüququn növbəti pozuntusudur.

Bu da Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə