Şimali Koreyadan iki ölkəyə təhlükə

Şimali Koreya ABŞ və Cənubi Koreyanın dünən başladığı birgə “Azadlıq Qalxanı” təliminə reaksiya verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya Müdafiə Nazirliyindən verilən açıqlamada Vaşinqton və Seulun "geniş miqyaslı təxribat xarakterli birgə hərbi təlimləri" bərpa etdiyi və BMT Komandanlığından 11 ölkənin hərbi personalının təlimə səfərbər edildiyi bildirilib.

Bəyanatda ABŞ və Cənubi Koreyanın “dəli” döyüş təlimlərinin bəşəriyyəti nüvə silahı ilə təhdid edən əsas günahkarın kim olduğunu daha aydın göstərdiyi iddia edilib və əlavə edilib: “Dünyanın ən böyük nüvə gücü və 10-dan çox peyk dövləti Koreya yarımadasındadır. Burada bir qığılcım belə nüvə müharibəsini alovlandıra bilər.

Açıqlamada Şimali Koreyanın Müdafiə Nazirliyinin ABŞ və Cənubi Koreyanın ehtiyatsız hərbi təlimlərini “qətiyyətlə pislədiyi”, Vaşinqton və Seulu təxribat və qeyri-sabitliyə səbəb olan bu hərəkətləri dayandırmağa çağırdığı bildirilib. Pxenyanın öz təhlükəsizliyini təmin etmək üçün məsuliyyətli hərbi fəaliyyətlərini davam etdirəcəyi bildirilərkən, ABŞ və Cənubi Koreyanın səhv seçimlərinin “ağır bədəlini ödəyəcəkləri” vurğulanıb.

ABŞ və Cənubi Koreya birgə müdafiə imkanlarını gücləndirmək məqsədi ilə dünən 11 günlük "Azadlıq Qalxanı" təliminə başlayıb. ABŞ Koreya Qüvvələrindən verilən açıqlamada martın 14-dək davam edəcək təlim çərçivəsində 48 səhra təlimi və bombardman və raketdən müdafiə təlimlərinin keçiriləcəyi bildirilib. Bildirilib ki, təlimə Birləşmiş Millətlər Təşkilatı Komandanlığına üzv olan Avstraliya, Belçika, Kanada, Kolumbiya, Fransa, İngiltərə, Yunanıstan, İtaliya, Yeni Zelandiya, Filippin və Tailanddan olan hərbçilər də qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə