COP29-a ev sahibliyi etməyimiz yaşıl enerji gündəliyimizdir – ŞƏRH EDİLDİ
“Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin iclası ilə yanaşı keçən ildən başlayaraq "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin iclasında Prezident İlham Əliyev deyib ki, bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng potensialımız var, istər Xəzər dənizində, istərsə də quruda. Bəli, COP29-un Azərbaycanda keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi bu ilin ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir. COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Çünki Azərbaycan ərazilərinin 30 illik işğal dövründə həmin torpaqlarımızda ekologiyamız, biomüxtəliflik, yaşıllıqlar vəhşicəsinə məhv edilib, yandırılıb, təbii sərvətlərimiz talanıb. Azərbaycan ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycanın çox əlverişli imkanları və potensialı var: “Gələn ilin ilk rübündən etibarən "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatı gözlənilir. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, "Azəri-Çıraq-Günəşli" Azərbaycanın neft ixracının əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarla razılığa gəlinib və bu əlavə töhfə olacaq. Prezidentin də söylədiyi kimi, ilkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaq. Bu, "Şahdəniz" və "Abşeron" yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaq. Bununla yanaşı, "Ümid" qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlar var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar. Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir. Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB