Türkiyənin ANKA pilotsuz uçuş aparatlarının uçuş saatı 220 minə çatıb

Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan ANKA pilotsuz uçuş aparatlarının (PUA) ümumi uçuş saatı 220 minə çatıb. SİA xəbər verir ki, bu barədə TUSAŞ şirkətindən bildirilib.

ANKA PUA-larının istehsal layihəsi Türkiyə Prezidenti Administrasiyasının tabeliyindəki Müdafiə Sənayesi İdarəsinin nəzarəti altında həyata keçirilir. ANKA-nın ilk uçuşu 2010-cu ildə reallaşıb.

Sözügedən PUA 2017-ci ildə müntəzəm istismara təhvil verilib və öz kateqoriyası üzrə dünyada operativ sistemə malik ən yaxşı uçuş aparatlarından biri seçilib.

ANKA ilkin olaraq, hədəflərin aşkarlanması və izlənməsi məqsədilə işlənib hazırlanıb, o, sutkalıq rejimdə və istənilən hava şəraitində fəaliyyət göstərə bilir. Növbəti illərdə ANKA PUA-larının zərbə endirən və göyərtəli versiyaları, habelə radio-elektron müharibə və düşmənin hava hədəfləri ilə mübarizə aparan versiyaları istehsal edilib.

Bununla yanaşı, bu PUA-nın meşə yanğınları və zəlzələlər kimi təbii fəlakətlərin fəsadları ilə mübarizə aparan variantı da işlənərək hazırlanıb.

ANKA-nın faydalı yük həcmi 200 kq təşkil edir. Havada 30 saata qədər qala bilir.

PUA-nın hücum modifikasiyası dörd döyüş sursatına hesablanıb. ANKA-nın bütün hərəkətləri peyk vasitəsilə tənzimlənir. Bu PUA-lar antiterror əməliyyatları zamanı və dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsində uğurla tətbiq olunur. ANKA-nın tədarükü ilə bağlı ixrac müqavilələri indiyədək beş ölkə ilə bağlanıb, digər 3 ölkə ilə danışıqlar isə yekunlaşma mərhələsindədir.

İndiyə qədər PUA-larından Blok A, Blok B, ANKA-S və Operativ ANKA adlanan dörd növ olmaqla, ümumilikdə 70 ədəd istehsal edilib. Cari ilin sonunadək TUSAŞ bu göstəricini iki dəfə artıraraq, 140-a çatdırmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə