Bayden və Tramp eyni gündə Meksika sərhədinə səfər ediblər

ABŞ-ın hazırkı prezidenti Co Bayden və keçmiş ABŞ prezidenti Donald Tramp Texasın müxtəlif yerlərində Meksika sərhədinə səfər ediblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Brownsville şəhəri yaxınlığındakı sərhəd xəttinə gedən Bayden burada verdiyi açıqlamada respublikaçıları Senatda bəzi Tramp tərəfdarları tərəfindən bloklanan və fövqəladə hallarda prezidentə sərhədləri bağlamaq səlahiyyəti verən qanun layihəsini yenidən nəzərdən keçirməyə çağırıb.

“ABŞ Senatı bu qanun layihəsini yenidən nəzərdən keçirməli, ona qarşı çıxan senatorlar isə siyasəti bir kənara qoyaraq qanun layihəsini təsdiq etməlidirlər” deyən Bayden, bu məsələdə güzəştə getməyin qeyri-qanuni immiqrasiya ilə mübarizədə çox müsbət addım olacağını bildirib.

Bəzi mühafizəkar şəxslərin də qanun layihəsini dəstəklədiyini xatırladan Bayden bildirib: “Hərəkətə keçməliyik. Bu qanun layihəsinə mane olan bəzi respublikaçı dostlarımın da məsuliyyəti öz üzərinə götürməsinin vaxtı çatıb”.

Bayden Respublikaçı Senat üzvlərinə müraciət edərək deyib: “Bilirsiniz və mən də bilirəm ki, bu, ölkənin indiyə qədər gördüyü ən sərt və ən təsirli sərhəd təhlükəsizliyi qanun layihəsidir. Odur ki, məsələ ilə bağlı siyasət oynamaqdansa, niyə bir araya gəlib bu işi görməyək?”.

Bütün xəbərlər Facebook səhifəmizdə