Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Kanada Rusiyadan olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları genişləndirib. Rusiyanın Ukraynaya hücumunun ikinci ildönümünə təsadüf edən məhdudiyyətlər 153 müəssisə və 10 vətəndaşı əhatə edib. SİA bu barədə rus saytlarına istinad edir.

Məhdudiyyətlərə, xüsusən, sığorta şirkətləri “AlfaStrakhovanie” və “RESO-Garantia”, “Sankt-Peterburq Bankı”, “İlyuşin” Aviasiya Kompleksi, “Almaz-Antey” konserni, “Patriot” hərbi-vətənpərvərlik parkı eləcə də Rusiya Müdafiə Nazirliyinin bir sıra strukturları daxildir.

Sanksiyaya məruz qalan şəxslər arasında Rusiya prezidentinin köməkçisi İqor Levitin, “RESO-Garantiya”nın sahibləri Sergey və Nikolay Sarkisov, “Voentorg”un rəhbəri Vladimir Pavlov da var.

Xatırladaq ki, daha əvvəl cümə günü, fevralın 23-də ABŞ və Avropa İttifaqı sanksiyaların genişləndirildiyini elan etmişdi. ABŞ-ın məhdudiyyətləri Rusiyanın maliyyə sektoruna, müdafiə sənayesi müəssisələrinə və həbsxanada ölən siyasətçi Aleksey Navalnının həbsi ilə əlaqəli şəxslərə təsir edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə