Moskva Ermənistandan əsaslandırıcı izahat gözləyir

KTMT-də iştirakının dondurulması ilə bağlı

Moskva Ermənistandan ikitərəfli kanallar vasitəsilə, bu ölkənin Baş naziri Nikol Paşinyanın İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dondurulması ilə bağlı dediklərinin nə demək olduğuna dair əsaslandırıcı izahat gözləyir.

SİA xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Nikol Paşinyanın Ermənistanın KTMT-dəki iştirakının dondurulması ilə bağlı açıqlamalarının arxasındakı məsələnin əsl mahiyyəti ilə bağlı əsaslandırıcı izahat verilməlidir”, deyə XİN-dən bildiriblər.

Moskva, Ermənistanın bu statusdan irəli gələn bütün hüquq və öhdəlikləri ilə KTMT-nin tamhüquqlu üzvü olmağa davam etməsi faktından çıxış edir. Rusiya XİN-dən bildirilib ki, İrəvanın təşkilatın tədbirlərində iştirakının dinamikası azalıb.

“Ümid edirik İrəvanda anlayacaqlar ki, mövcud narahatlıqlar ictimai müstəvidə qaldırmaq yolu ilə həll edilmir, onlar etibarlı dialoq vasitəsilə müzakirə olunmalı və aradan qaldırılmalıdır”, - deyə nazirlikdən bildiriblər.

Xarici siyasət idarəsində vurğulanıb ki, 2022-ci ildə Ermənistan tərəfinin xahişi ilə operativ şəkildə KTMT Katibliyinin və Birləşmiş Qərargahının qiymətləndirmə missiyası formalaşdırılıb və ölkənin sərhəd rayonlarına göndərilib. Nəticələr üzrə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistanda monitorinq missiyasının yerləşdirilməsi ilə bağlı qərar hazırlanıb.

“Bunun müqabilində isə İrəvan nümayişkaranə şəkildə ölkəyə Avropa İttifaqının psevdo-müşahidəçilərini dəvət etməyi seçdi – bu faktlar hər kəsə məlumdur və onların gördüyü işin səmərəsizliyi də göz qabağındadır”, – deyə, Rusiya XİN-də vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə