Putinin keçmiş mühafizəçisinə qarşı sanksiyalar tətbiq edilib

Avropa İttifaqı Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib. Məhdudiyyətlər Çin, Hindistan, Qazaxıstan, Serbiya, Türkiyə, Tailand və Şri-Lanka da daxil olmaqla 106 nəfər və 88 şirkətə şamil edilib.

Sanksiyaya məruz qalanlar siyahısına Vladimir Putinin keçmiş mühafizəçisi, Tula vilayətinin qubernatoru Aleksey Dyumin, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov, Penza, Ryazan vilayətləri və Xantı-Mansiysk Muxtar Dairəsi - Uqra qubernatorları: Oleq Melniçenko, Pavel Malkov və Natalya Komarova daxildirlər.

Siyahıya Rusiya hərbçiləri və müdafiə zavodlarının top-menecerləri, hərbi yüklərin daşınması ilə məşğul olan şirkətlər, habelə Ukraynanın Moskvanın nəzarətində olan ərazilərində təyin olunmuş məmurlar və hakimlər daxil edilib.

Bundan əlavə, Rusiya bazarına və ya Rusiyadan Avropa İttifaqına çatdırılması qadağan edilən malların siyahısı artırılıb.

Press-relizdə deyilir ki, yeni məhdudiyyətlərin bəziləri dronların inkişafı və istehsalını dayandırmağa yönəlib, bəziləri isə Rusiyanın sənaye potensialının inkişafını dayandırmalıdır.

Yeni məhdudiyyətlərin fevralın 24-də, işğalın başlanmasının ildönümündə qüvvəyə minməsi gözlənilir.

...Biz Rusiyanın döyüş maşınının dayandırılması və Ukraynanın özünümüdafiə uğrunda qanuni mübarizədə qalib gəlməsi, müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə kömək etmək əzmimizdə birliyimizi davam etdiririk.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə