Polşa Seymi Ukraynanı dəstəkləyən qətnamə qəbul edib

Polşa Seymi Ukraynanı dəstəkləyən qətnamə qəbul edib

Polşa parlamentinin aşağı palatası fevralın 22-də keçirdiyi iclasda Ukraynaya dəstək haqqında qətnamə qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, sənəd yekdilliklə qəbul edilib.

…Rusiya Federasiyasının Ukraynaya vəhşicəsinə hücumunun ikinci ildönümündə Polşa Respublikasının Seymi Rusiya hakimiyyətinin hərəkətlərini pisləyir və Ukrayna xalqına qarşı törədilmiş bütün hərbi cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi tələbi ilə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edir.

Qətnamədə belə deyilir.

Qeyd olunur ki, Seym döyüş əməliyyatlarında yaxınlarını itirmiş ailələrlə ağrı içində birləşir və Ukraynanın müdafiəsi zamanı həlak olan bütün əsgərlərin, eləcə də həlak olan mülki şəxslərin xatirəsini ehtiramla yad edir.

Qeyd edək ki, Polşa parlamenti Ukrayna vətəndaşlarına kömək edən və kömək etməkdə davam edən polyaklara xüsusi təşəkkürünü bildirib.

Bundan əlavə, qətnamədə deputatlar qeyd ediblər ki, bu gün Polşa və Avropanın taleyi Ukraynanın taleyindən asılıdır. Onlar NATO və Avropa İttifaqı ölkələrinin hökumətlərinə müraciət edərək Ukraynaya hərtərəfli dəstəyi gücləndirməyə, xüsusən də hərbi texnika və sursatların sürətlə tədarükünü təmin etməyə çağırıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə