Kanada Rusiya səfirini bu səbəbə görə XİN-ə çağırdı

Kanada Rusiya səfiri Oleq Stepanovu rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı Xarici İşlər Nazirliyinə çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Kanada hökumətinin sözçüsü İzabella Orozko-Madison açıqlama verib.

Orozko-Madison bildirib ki, Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın Ottavadakı səfiri Stepanova Navalnının ölümü ilə bağlı “tam və şəffaf” araşdırma aparılmalı olduğu barədə məlumat verilib. Digər siyasi məhbuslarla bağlı narahatlıqların da dilə gətirildiyini qeyd edən Orozko-Madison deyib: "Kanada Navalnıya qarşı insan haqlarının pozulmasında iştirak edənlərə sanksiya tətbiq edib. Onun ölümünə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün tərəfdaşlarımıza qoşulacağıq".

Kremlin sözçüsü Dmitriy Peskov Federal Həbsxana Xidmətinin Navalnının ölüm səbəblərini müəyyən qaydalar çərçivəsində araşdırdığını və bunun üçün hər hansı göstərişə ehtiyac olmadığını bildirib və "Həkimlər lazımi araşdırmaları aparacaq" deyib.

Kremlin əleyhdarı olan Navalnı zəhərləndiyi iddiası ilə Almaniyanın paytaxtı Berlində müalicə aldıqdan sonra 17 yanvar 2021-ci ildə paytaxt Moskvaya qayıdarkən hava limanında həbs edilib. Rusiya Federal Penitensiar Xidmətinin tələbi ilə 2021-ci il fevralın 2-də Navalnıya qarşı Moskva Şəhər Məhkəməsində qaldırılan işə yekun vurulub. Navalnıya keçmişdə korrupsiya işi nəticəsində verilən 3,5 il şərti həbs cəzası məhkəmə nəzarəti şərtlərini yerinə yetirmədiyi üçün normal həbs cəzasına çevrilib. Rusiya məhkəməsi 2023-cü ilin avqustunda həbsdə olan Navalnıya ekstremist icma yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib. Navalnı ötən ilin yanvarında Rusiyada terrorizm və ekstremizmlə əlaqəli şəxslər siyahısına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə