Hollandiyada tikilməkdə olan körpü çökdü - 2 nəfər ölüb

Hollandiyada tikilməkdə olan körpünün uçması nəticəsində ən azı 2 işçinin öldüyü, 2 nəfərin yaralandığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyanın şərqindəki Loxem şəhərində dəhşətli qəza baş verib. Dünən baş verən hadisədə tikilməkdə olan körpünün tağ hissəsi qoyularkən kəndirlərin qopduğu və körpünün bir hissəsinin dağıldığı bildirilib.

Səlahiyyətlilərdən verilən açıqlamada qəza nəticəsində 2 Belçika və Polşa işçisinin öldüyü, 2 nəfərin yaralandığı bildirilib. Hadisə yeri mühasirəyə alınarkən, yaralılar xəstəxanaya çatdırılıb.

Xəsarət alanların həyati təhlükəsi olmasa da, hadisə ilə bağlı araşdırma başladılıb. Qəzanın səbəbi ilə bağlı hələlik heç bir dəlil olmadığını və araşdırmaların davam etdiyini bildirən mer bildirib: "Mənim prioritetim bu dəhşətli qəzadan zərər çəkən insanların yanında olmaqdır".

Hollandiyanın baş naziri Mark Rutte açıqlamasında həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə