Nemtsovun xatirəsinə razılaşdırılmış mitinq qadağan edilib

…Altay diyarının paytaxtı Barnaulda hakimiyyət Boris Nemtsovun xatirəsinə mitinq keçirməyə qadağa qoyub.

SİA bu barədə rus saytlarına istinad edir.

...2015-ci ilin fevralında Moskvada qətlə yetirilən Nemtsovun xatirəsinə həsr olunmuş tədbirin keçirilməsi ilə bağlı ərizəni “Yabloko” partiyasının Barnaul bölməsi təqdim edib. Hakimiyyət təşkilatçılara fevralın 25-də Barnaulda “Azadlıq” meydanında mitinqin keçirilməsinə razılıq verilməsi barədə xəbərdar edib.

Lakin partiya öz saytında aksiyanın təsdiqlənməsi ilə bağlı məlumat yerləşdirdikdən sonra meriyadan rədd cavabı gəlib.

Administrasiyanın sözlərinə görə, razılaşdırılmış aksiya haqqında bildiriş yerləşdirməklə “Yabloko” ona qeyri-məhdud sayda insan cəlb etməyə başlayıb ki, bu da elan edilmiş eləcə də razılaşdırılmış iştirakçıların sayını pozur.

Və bu əsasda da verilmiş icazə ləğv edilib.

Xatırladaq ki, müxalifət siyasətçi Boris Nemtsov 2015-ci il fevralın 27-də Kremlin 100 metrliyində Bolşoy Moskvoretski körpüsündə öldürülüb. O, kürəyindən və başından 6 güllə yarası almışdı.

...Sonradan müstəntiqlər qətli sifariş edənlərin kimliyini müəyyən edə bilmədilər?..

Yeri gəlmişkən, hər il Rusiyada qətlə yetirilən siyasətçinin xatirəsinə mitinqlər keçirilirdi. COVID-19 pandemiyası zamanı kütləvi mitinqlərə qadağa qoyulmazdan əvvəl onlara minlərlə insan gəlirdi.

Son illərdə hakimiyyət müxtəlif bəhanələrlə insanların Nemtsovun xatirəsini yad etməsinə və ümumiyyətlə bununla bağlı toplaşmasına qadağa qoyub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə