Kanada Ukraynaya PUA göndərəcək

Kanada 24 fevral 2022-ci ildən Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya yerli istehsal olan 800-dən çox pilotsuz uçuş aparatı (PUA) göndərəcəyini açıqlayıb.

Kanada Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynaya 800-dən çox "SkyRanger R70" model PUA göndəriləcəyi bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, açıqlamada, ümumi dəyəri 70 milyon dollardan çox olan PUA-ların Ukraynanın müdafiəsinə töhfə verəcəyi qeyd edilib.

Açıqlamada PUA-ların kəşfiyyat məlumatlarının toplanmasında kritik əhəmiyyətə malik olduğu vurğulanıb və bu vasitələrin materialların daşınması üçün də istifadə oluna biləcəyi bildirilib.

Açıqlamada qeyd olunub ki, bu PUA-lar xüsusilə qaranlıqda və əlverişsiz hava şəraitində Ukrayna əsgərlərinə istənilən istilik mənbəyini uzaq məsafədən tanımağa kömək edəcək.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.

Putin Kiyevin NATO-ya daxil olmasının qarşısını almaq və onu Rusiyanın təsir dairəsində saxlamaq üçün ölkəni demilitarizasiya etmək və nasistən təmizlənməsi məqsədi daşıdığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə