Latviyada Rusiya nömrəli avtomobillər müsadirə olunacaq...

Latviyada Rusiya nömrəli avtomobillər müsadirə olunacaq...

Cümə axşamı, fevralın 15-də Latviyada “Yol hərəkəti haqqında” qanuna Rusiya dövlət nömrə nişanlı avtomobillərin müsadirəsinə icazə verən dəyişikliklər qüvvəyə minəcək.

SİA-nın əldə etdiyi məlumata görə, fevralın 14-dək belə avtomobillərə sahib olan latviyalılar ya onları qeydiyyatdan keçirməli ya da ölkədən çıxarmalı idilər.

Latviyanın daxili işlər naziri Rihards Kozlovskis bildirib ki, Rusiya dövlət nömrə nişanlı avtomobillərin müsadirəsi ilə yanaşı, onların sahibləri 750 avrodan iki min avroya qədər cərimə ödəməli olacaqlar.

Diplomatik nəqliyyat vasitələri və tranzitlə Latviya ərazisindən keçən və onun ərazisində bir gündən çox olmayan şəxslər üçün istisna olacaq.

Avtomobil sahibi rəsmi internet saytında əvvəlcədən Latviya vasitəsilə tranzit bəyan etməlidir.

Bu arada “Delfi”-nin xəbərinə görə, müsadirə edilən avtomobillər həmrəylik jesti olaraq Ukraynaya verilə bilər.

Xatırladaq ki, Latviyada “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər ötən ilin noyabrında qəbul edilib. Hətta bundan əvvəl, sentyabrda Riqa Rusiya nömrəli avtomobillərin ölkəyə girişini qadağan etmişdi.

Ötən ilin payızında Rusiya ilə həmsərhəd olan bütün Avropa İttifaqı ölkələri rus avtomobillərinin ölkəyə buraxılmasını dayandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə