"Aİ Rusiya üçün mühüm tərəfdaş olmaqdan çıxıb" - Kirill Loqvinov

Rusiyanın Aİ-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Kirill Loqvinov “RİA Novosti”yə müsahibəsində bildirib ki, Avropa İttifaqı artıq Rusiya üçün vacib ticarət tərəfdaşı deyil, ticarət dövriyyəsi azalmaqda davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Loqvinov bunları deyib: “Aydındır ki, Avropa İttifaqı Rusiya üçün mühüm ticarət tərəfdaşı olmaqdan çıxıb. Brüssel iqtisadi müharibə yolu tutdu, ölkəmizə qarşı sonsuz sanksiyalar tətbiq etdi, Moskvanın üçüncü ölkələrlə iqtisadi əlaqələrinə müdaxilə etməyə çalışdı”.

O qeyd edib ki, Eurostat məlumatlarına əsasən, 2023-cü ildə Aİ ilə Rusiya arasında ticarət həcmi azalmaqda davam edib, Rusiya Aİ-nin aparıcı ticarət tərəfdaşları siyahısında beşinci yerdən onuncu yerə düşüb.

"2023-cü ilin 11 ayı ərzində Rusiyanın Aİ ilə ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 66,1% azalıb - 243,5 milyard avrodan 82,5 milyard avroya" düşüb deyə, Loqvinov bildirib.

Eyni zamanda, Aİ-nin Rusiya məhsullarının idxalı 46,9 milyard avro (azalma 75,6%) təşkil edib, Aİ-dən Rusiyaya mal ixracı isə 35,6 milyard avroya (azalma 30,3%) düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə