Rusiya-Ermənistan münasibətlərində çətin dövr yaşanır..?

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin dediyinə görə, ermənilərin Qarabağdan könüllü olaraq köçmələrinə baxmayaraq, onlar məsuliyyətin əhəmiyyətli hissəsini Rusiyanın üzərinə qoymağa üstünlük verdilər.

Kopırkinin sözlərinə görə, Qarabağ böhranından sonra Ermənistan hakimiyyəti əvvəlki təhlükəsizlik düsturunu şübhə altına alıb, hərbi və beynəlxalq əlaqələri şaxələndirməyə qərar verib. Bütün bunlar siyasi dialoqa və Rusiya-Ermənistan münasibətlərinin atmosferinə təsir etməkdədir.

…Açığını deməliyəm ki, bu münasibətlər indi bir növ güc sınağından keçir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kopırkin bunu Sputnik radiosuna danışarkən bildirib.

O, vurğulayıb ki, Zaqafqaziya regionu hazırda Rusiyanın burada rolunu zəiflətməyə, onu sıxışdırmağa və ikitərəfli münasibətlərimizdə çatlar yaratmağa çalışan Qərbin təzyiqi altındadır.

Xüsusilə ABŞ nümayəndələri Ermənistanla münasibətləri açıq şəkildə Rusiya və İrana qarşı mübarizə ilə əlaqələndirirlər.

Amma buna baxmayaraq, eyni zamanda, Moskva İrəvanla münasibətlərə müttəfiq kimi baxmaqda davam edir. Kopırkin ümid etdiyini bildirib ki, hazırkı sınaqlardan keçəcək qədər güclüdürlər.

Xatırladaq ki, ötən ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, İrəvanın xarici siyasətdə oriyentasiyasını kökündən dəyişmək niyyətində olduğunu və bunun Qərbin təhriki ilə həyata keçirildiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə