Kadırov Ukrayna ilə danışıqlara başlamaq şərtini açıqlayıb

Ramzana görə Rusiyanın müasir tarixində Putindən layiqli, müdrik və istedadlı heç vaxt heç kim olmayıb, olmayacaq da...
Kadırov Ukrayna ilə danışıqlara başlamaq şərtini açıqlayıb

Ukrayna münaqişəsi ilə bağlı danışıqlara başlamaq üçün əsas şərt Kiyev və kollektiv Qərbin Rusiya prezidenti Vladimir Putinin tələblərinə tam əməl etməsi olmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadırov bunu Telegram kanalında yazıb.

Onun fikrincə, bu, mümkün razılaşmaların pozulmasının qarşısını almağın yeganə yoludur.

Bizim opponentlərimiz öz riyakarlıqlarının bütün miqyasını nümayiş etdirdilər və artıq bir sənəddəki imzaya etibar etmək mümkün deyil. Danışıqlar olarsa, Ukrayna xuntası və Qərb ilk növbədə kağız üzərində deyil, əməldə sübut etməlidir ki, bu dəfə onlara etibar etmək olar. Heç bir şərt, sülh müqaviləsi və ya razılaşma yoxdur. Yalnız prezidentimiz Vladimir Vladimiroviç Putinin tələblərinə tam əməl etmək lazımdır.

Kadırov bildirib bunu.

Qeyd edək ki, daha əvvəl Çeçenistan rəhbəri region əhalisinin Putinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını dəstəklədiyini və bunu tamamilə düzgün, eləcə də zəruri hesab etdiyini bildirib.

Ramzan, çeçen xalqının dövlət başçısına bütün lazımi dəstəyi göstərəcəyinə əmin edib. Respublika rəhbəri qeyd edib ki, ölkənin müasir tarixində Putindən layiqli, müdrik və istedadlı heç vaxt heç kim olmayıb, olmayacaq da...

Yeri gəlmişkən, bu arada o da məlum olub ki, Vladimir Putin Ramzan Kadırovu II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib, bu barədə rəsmi hüquqi informasiya portalında fərman dərc edilib. Sənəddə deyilir ki, orden Rusiya dövlətçiliyinin möhkəmləndirilməsinə görə verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə