General Sırski müharibənin gedişatını dəyişə bilər…

Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibə yeni mərhələyə qədəm qoyub

...General Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilməsini elə də yaxşı hal kimi qəbul etməyən ABŞ ordusunun ehtiyatda olan polkovniki Robert Hamilton, bu vəzifəyə yeni təyin olunan Aleksandr Sırskinin Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibənin gedişatını dəyişə biləcəyini də istisna etmir.

Onun sözlərinə görə, Ukrayna diqqəti təkcə quru müharibəsinə yönəltməməlidir. Çünki unutmaq lazım deyil ki, Rusiyanın Qara dəniz donanması Qara dənizin qərb hissəsindən sıxışdırılıb çıxarılsa da, amma dəniz müharibəsi hələ də davam edir.

Ona görə də, Ukrayna və onun tərəfdaşları bu müharibənin bütün sahələrinə - yerdə, havada, Qara dənizdə baxmağa başlamalıdırlar.

Düşünürəm ki, general Sırski çoxsahəli strategiyanı birləşdirə və Ukraynanın hərbi məqsədlərinə nail olmaqla Rusiyaya qarşı müharibənin gedişatını dəyişə biləcək.

Qeyd edək ki, bunu deyən amerikalı ekspert, Sırski və Zelenskinin fərqli yanaşma və “dalandan” çıxmaq üçün müxtəlif yollar göstərmək istəyəcəklərini də istisna etmir.

Eyni zamanda, Həmilton, Zalujnının həm Ukrayna ictimaiyyəti arasında, həm də Ukrayna Silahlı Qüvvələrində çox populyar olduğunu xatırladır.

Yeri gəlmişkən, ABŞ-ın Ukraynaya dəstəyinin Zalujnının vəzifəsindən azad edilməsindən və onun yerinə Sırskinin təyin olunmasından asılı olmadığını deyən Həmiltonun sözlərinə görə, bu gün ABŞ-ın Ukraynaya dəstəyindəki arakəsmələr sırf Amerika mənşəli problemlərlə bağlıdır.

…Bizim də öz problemlərimiz var, ona görə də bu il dəstək verilməyib. O, Konqresdə ilişib qalıb və Bayden administrasiyası onu Konqresdən çıxara bilməyib. Amma unutmaq lazım deyil ki, yenə də bu, iki il davam edən müharibədir…

SİA-nın əldə etdiyi məlumata görə, bunu da Hamilton bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə