Rusiya Aleksandr Sırskini “satqın” elan etdi

Rusiya Aleksandr Sırskini “satqın” elan etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynaya yeni təyin olunmuş Rusiya əsilli Baş Qərargah rəisini satqın elan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kreml bu təyinatın müharibənin nəticəsini dəyişməyəcəyini açıqlayıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın yeni Baş Qərargah rəisi Aleksandr Sırskini tənqid edib.

Ukrayna prezidenti Vladimir Zelenski dünən baş qərargah rəisi Valeri Zalujniyi vəzifəsindən azad edib. Rusiya qoşunlarının iki ilə yaxındır müharibədə üstünlüyü əldə etdiyi bir vaxtda Zelenskinin qərarı böyük risk hesab olunurdu. Zalujni 58 yaşlı Quru Qoşunlarının komandanı Aleksandr Sırski ilə əvəzlənib.

Sırski 1965-ci ilin iyulunda Rusiyanın o vaxt Sovet İttifaqının tərkibində olan Vladimir vilayətində anadan olub. Sırski Moskvada Ali Hərbi Komandanlıq Məktəbini bitirib. Beş il Sovet Artilleriya Korpusunda xidmət edən Sırski 1980-ci illərdən Ukraynada yaşayır. Rusiyanın keçmiş prezidenti Medvedev Sovet İttifaqının dağılmasından sonra Rusiya ordusunda xidmət etməyən Sırskini hərbi andını pozmaqda ittiham edib. Kreml bəyan edib ki, Ukrayna baş qərargahının dəyişdirilməsi müharibənin nəticəsini dəyişməyəcək.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib: "Biz bunların xüsusi hərbi əməliyyatın gedişatını dəyişə biləcək faktorlar olduğunu düşünmürük".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə