Almaniya Rusiya ilə onilliklər davam edən münaqişəyə hazırlaşır...

Almaniya Rusiya ilə onilliklər davam edən münaqişəyə hazırlaşır...

Almaniyada yüksək səviyyəli siyasətçilər və rəsmilər bu yaxınlarda qeyri-rəsmi olaraq Donald Trampın noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə NATO-nun mümkün gələcəyini müzakirə edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” yazır.

Nəşrin yazdığına görə, Berlin Trampın Ağ Evə qayıtması halında o, ilk prezidentlik dövründəkindən daha çox təcrid siyasəti aparacağından ehtiyat edir və bu, Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyin əsas yükünün Avropa İttifaqı ölkələri üzərinə düşəcəyi anlamına gələ bilər.

Almaniyanın müdafiə naziri Boris Pistorius, bu yaxınlarda Almaniyanın Rusiya ilə “onilliklər boyu” qarşıdurmaya hazırlaşması barədə xəbərdarlıqlar etməyə başlayıb.

Pistoriusun fikrincə, Rusiyanın bir neçə ildən sonra NATO üzvü olan ölkələrdən birinə hücum ehtimalı da real hesab edilməlidir. Müdafiə Nazirliyinin rəhbəri alman ordusunun sürətlə yenidən silahlanmasına və onların sayının artırılmasına çağırır.

“The New York Times” qeyd edir ki, Almaniyanın ən nüfuzlu siyasətçilərindən biri olan Pistoriusun ictimai bəyanatları alman siyasi elitasının şüurunun dəyişməsindən xəbər verir. Eyni zamanda, nəşrin fikrincə, Almaniyada ictimai rəyin Rusiyanı Almaniya üçün birbaşa təhlükə kimi qəbul etdiyini hələ demək olmaz.

Qəzet ayrıca olaraq Almaniyanın hakim dairələrində Trampın ABŞ seçkilərində mümkün qələbəsi ilə bağlı müzakirələrə də diqqət çəkir. Belə olan halda Berlinin qorxduğu kimi ABŞ formal olaraq NATO-dan çıxmadan bu alyansda əsas qüvvə olmaqdan çıxa bilər. Almaniya siyasətçiləri NATO-nun bu halda ayaq üstə qala bilməyəcəyinin narahatçılığını keçirirlər..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə