“Tesla” bəzi maşınlarını geri çağırdı, çünki …

“Tesla” bəzi maşınlarını geri çağırdı, çünki …

Elektrikli avtomobil istehsalçısı “Tesla” təxminən 2,2 milyon avtomobili geri çağırıb, çünki bəzi maşınlarının xəbərdarlıq işıqlarında yazı ölçüsü çox kiçikdir.

SİA-nın əldə etdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarının Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsinin (NHTSA) açıqlamasında bildirilir: “Tesla” 2012-2023 “Model S”, 2016-2024 “Model X”, 2017-2023 “Model 3”, 2019-2024 “Model Y” və 2024 “Cybertruck” avtomobillərindən bəzilərini geri çağırıb. Həmin avtomobillərdə əyləc, dayanacaq və bloklanma əleyhinə əyləc sisteminin xəbərdaredici işıqlarının cihaz panelində səhv şrift ölçüsü göstərilir və bu səbəbdən onlar müvafiq təhlükəsizlik standartlarına uyğun deyil.

Daha kiçik şrift ölçülərinə malik xəbərdarlıq işıqları paneldəki təhlükəsizlik məlumatlarını oxumağı çətinləşdirərək qəza riskini artıra bilir.

Geri çağırışdan təsirlənən potensial avtomobil sayı 2 milyon 193 min 869 ədəddir.

“Tesla” problemi həll etmək üçün uzaqdan idarə ilə proqram yeniləməsi çıxarıb.

2024-cü ilin 30 mart tarixindən etibarən geri çağırışdan təsirlənən avtomobil sahiblərinə bildiriş göndəriləcək”.

Xatırladaq ki, 2023-cü ilin dekabr ayında “Tesla” “Avtopilot” qabaqcıl sürücüyə yardım sistemində idarəetmə problemini həll etmək üçün 2 milyondan çox avtomobilini geri çağırmışdı.

2024-cü il yanvarın sonunda arxa kameranın ekranda görünməsinə mane olan proqram qeyri-sabitliyi səbəbindən “Tesla”nın ABŞ-dakı təxminən 200 min avtomobili üçün proqram yeniləməsi ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə