NATO Bosniya və Herseqovinaya dəstəyini bildirib

NATO Bosniya və Herseqovinaya dəstəyini bildirib

NATO Baş katibinin müavini Mirça Geona Bosniya və Herseqovinanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Mirça Geona paytaxt Sarayevoda Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə görüşüb.

Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçirib.

Geona burada verdiyi açıqlamada Bosniya və Herseqovinanın NATO-nun uzunmüddətli və yaxın tərəfdaşı olduğunu bildirib və ölkədəki təhlükəsizlik vəziyyətinin regionda sabitlik üçün vacib olduğunu qeyd edib.

Bosniya və Herseqovinada baş verənlərin Qərbi Balkanların, Qərbi Balkanlarda yaşananların isə Avropanın təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu vurğulayan Geona deyib:

"NATO Bosniya və Herseqovinanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Separatçı siyasət və bölücü ritorika sabitliyi pozur və islahatlara mane olur. Bütün siyasi liderlər birliyi və dövlət idarələrini qorumaq üçün birgə işləməlidirlər".

Mirça Geona Bosniya və Herseqovinanın fövqəladə halların idarə edilməsi, kiber müdafiə və terrorla mübarizə kimi sahələrdə imkanlarını gücləndirməyə kömək etdiklərini ifadə edərək, bunun ölkəni daha möhkəm və təhlükəsiz etdiyini bildirib.

Bosniya və Herseqovinanın xarici işlər naziri Konakoviç NATO-nun ölkəsinin suverenliyi və ərazi bütövlüyünə dəstəyinə diqqət çəkərək,
“Bu, təkcə Bosniya və Herseqovinada müxtəlif ssenariləri yaşayan və təsəvvür edənlərə deyil, həm də Avropanın bu bölgəsini dünyada baş verən bu böyük geosiyasi qarışıqlıqda öz maraq dairəsi kimi görməyi planlaşdıranlara bir mesajdır” deyib.

Konakoviç NATO ilə əməkdaşlığın Bosniya və Herseqovina üçün çox vacib olduğunu da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə