Abdulkadir Uraloğlu iraqlı həmkarı ilə görüşdü

Abdulkadir Uraloğlu iraqlı həmkarı ilə görüşdü

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu paytaxt Ankarada səfərdə olan İraqın nəqliyyat naziri Rezzak Muheybes es-Sadavi ilə görüşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Mətbuata qapalı keçirilən görüşdən sonra jurnalistlərə açıqlama verən Uraloğlu İraqla bağlı ən vacib məsələnin İnkişaf Yolu Layihəsi olduğunu söylədi.
Uraloğlu İraq tərəfinin layihədə böyük irəliləyiş əldə etdiyini və məsələni yaxından izlədiklərini vurğulayıb.
"İnşallah, il ərzində buranın maliyyələşdirilməsi və tenderi ilə bağlı inkişafları görəcəyik. Prezidentimizin İraqa səfəri zamanı bəzi qərarların verilə biləcəyi mövzusunu müzakirə etdik'' deyə Abdulkadir Uraloğlu söyləyib.
Uraloğlu Qırmızı dənizdəki hadisələrə görə Ümid burnunda yaşanan gəmi hərəkətliliyinə diqqət çəkərək deyib: "Bu gün Ümid burnundan təxminən 45 gün, Qırmızı dənizdən isə təxminən 35 gündə həyata keçirilən daşımaların İnkişaf Yolu ilə 25 gündə edilə biləcəyini bilirik. Bunun nə qədər önəmli olduğunu bilirik. Bu çərçivədə səylərimizi davam etdiririk''.
İraqlı nazir Rezzak Muheybes es-Sadavi də öz növbəsində İnkişaf Yolu Layihəsinin Fav Limanı, dəmir yolları və avtomobil yolları kimi 3 əsas mövzudan ibarət olduğunu bildirib.
Rezzak Muheybes es-Sadavi deyib: "İnkişaf Yolu Layihəsində Böyük Fav limanının 85 faizi, dəmir yollunun 55 faizi, avtomobil yolunun isə 35 faizi tamamlanıb. Maliyyə və iqtisadi məsələlər davam edir. İki ölkənin bununla bağlı ofislər açması barədə razılığa gəldik. Bundan başqa, dəmir yolu və limanlarla bağlı türk şirkətləri ilə görüşəcəyik, şirkətlərin təcrübələrindən yararlanmaq istəyirik''.

Bütün xəbərlər Facebook səhifəmizdə