İsrail HƏMAS ilə razılaşmanın şərtlərini razılaşdırıb

İsrail HƏMAS ilə razılaşmanın şərtlərini razılaşdırıb

İsrail girovların azad edilməsi üçün ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan HƏMAS qruplaşması ilə Parisdəki vasitəçilərin təklifi ilə razılaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Maariv” qəzeti məlumat yayıb. Lakin HƏMAS-ın özü hələlik bu təklifə cavab verməyib.

Təklif olunan plana əsasən, Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin hərbi əməliyyatları müvəqqəti dayandırılmalıdır. İsrail həmçinin mülki şəxslərə humanitar yardımın çatdırılmasını asanlaşdırmalı və bir sıra fələstinli məhbusları həbsdən azad etməlidir.

HƏMAS ötən il oktyabrın 7-də yaraqlılarının İsrailə hücumu nəticəsində əsir götürdüyü girovları mərhələli şəkildə azad edəcək.

Təklif olunan humanitar fasilənin nə qədər davam edəcəyi bildirilmir, lakin bunun “uzun” olacağı deyilir.

Bundan əvvəl “The New York Times”ın yazdığına görə, təxminən iki aya yaxın atəşkəsdən söhbət gedirdi. Razılaşma qəbul olunarsa, bu, 100-ə yaxın girovun evlərinə qayıtması demək ola bilər.

“The Wall Street Journal”-a görə, ilk növbədə mülki girovlar - uşaqlar, qadınlar və qocalar azad edilməlidir. İkinci mərhələdə HƏMAS-ın girovları azad edəcəyi və ölən girovların cəsədlərini İsrailə təhvil verəcəyi gözlənilir.

Paralel olaraq daimi atəşkəs haqqında danışıqlar aparılacaq və bu, digər məsələlərlə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də təmin ediləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə