İtaliyadakı yəhudi icmasının təzyiqi ilə təxirə salınan Fələstinə dəstək nümayişləri valiliklərin qadağa qərarlarına baxmayaraq, minlərlə insanın meydanlara çıxdığı Roma və Milanda keçirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Paytaxt Romada yürüşün başlandığı Vittorio Emanuele meydanında toplaşan 3 mindən çox etirazçı həm nümayiş haqqının qadağan edilməsinə, həm də İsrailin Qəzzaya hücumlarına qarşı mitinq edib. Etirazçılar tez-tez "Fələstinə azadlıq" şüarları səsləndiriblər.
Milanda valiliyin “Holokostu Anma Gününə təsadüf etdiyi səbəbi”ylə verdiyi qadağa qərarına baxmayaraq mindən çox fələstinli tərəfdarı Loreto meydanında toplaşıb. Nümayiş zamanı ara-sıra gərginlik artıb, təhlükəsizlik qüvvələri nümayişçilərə dəyənəklərlə sərt şəkildə müdaxilə edib.
Almaniyanın paytaxtı Berlində də Fələstinə dəstək nümayişi keçirilib. Aleksanderplatz meydanına toplaşan nümayişçilər şəhərin mərkəzinə yürüyüblər. Əllərində Fələstin bayraqları olan nümayişçilər “Fələstinə azadlıq” şüarları səsləndiriblər.
İspaniyanın paytaxtı Madriddə minlərlə adam Fələstinə dəstək yürüşü keçirərək beynəlxalq ictimaiyyəti "dərhal və daimi atəşkəs üçün İsrailə təzyiq göstərməyə" çağırıb. Şəhərin mərkəzində “Hər zaman Fələstin müqaviməti ilə” başlığı ilə keçirilən yürüşdə əllərində Fələstin bayraqları daşıyan ispaniyalılar “İsraili boykot edin”, “Bu, müharibə deyil, soyqırımdır”, “Qatil Netanyahu”, “Azad Fələstin”, “Ədalət”, “İsrail vurur, ABŞ və Avropa İttifaqı da dəstək çıxır” şüarları səsləndirilib. Bundan başqa, İspaniya hökumətindən İsraillə bütün siyasi, diplomatik, iqtisadi, mədəni və idman əlaqələrini kəsmək istənilib.
Yürüşdə Podemos partiyasının sədri İone Belarra da daxil olmaqla, İspaniyanın solçu partiyalarından bir sıra deputatlar iştirak edib.
İsveçin paytaxtı Stokholmda təxminən 15 min adam Fələstinlə həmrəylik nümayişi keçirib. Nümayişçilər əllərində "Qəzzada uşaqlar öldürülür", "Soyqırımı dayandırın", "Əbədi Fələstin" yazılan pankartlar və Qəzzada öldürülən uşaqları təmsil edən modellər qaldırıblar.
“Fələstinə azadlıq”, “Soyqırım törədən İsrail” və “İsraili boykot” kimi şüarlar səsləndirən nümayişçilər daha sonra İsveç Xarici İşlər Nazirliyinə doğru hərəkət ediblər.
Etirazçılar ABŞ və İsveçin İsraili dəstəkləməsinə reaksiya göstərərək iki ölkənin İsrailin törətdiyi hərbi cinayətlərdə şərik olduqlarını hayqırıblar.
Nümayişçilər həmçinin İsveçin xarici işlər naziri Tobias Billströmü İsraili dəstəklədiyi üçün istefaya çağırıblar.
Yunanıstanın paytaxtı Afinada da Fələstinə dəstək yürüşü keçirilib. Eleftheria (Azadlıq) Parkına toplaşan fəallar Afinadakı İsrail səfirliyinə doğru yürüyüblər. ABŞ-ın Yunanıstan səfirliyinin qarşısında da duran nümayişçilər ingilis dilində şüarlar səsləndirərək İsrailə verilən dəstəyin dayandırılmasını tələb ediblər.
Yürüş boyu Afina küçələrində “Fələstinə azadlıq” şüarları səslənib.
Fəallar həmçinin “Ədalət olmadan həll olmaz” şüarı səsləndirərək barış üçün azad Fələstin dövlətinin qurulmasının zəruri olduğunu vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB