ABŞ Fələstinli Qaçqınlara Yardım Təşkilatının maliyyəsini kəsir

ABŞ Fələstinli Qaçqınlara Yardım Təşkilatının maliyyəsini kəsir

ABŞ Dövlət Departamenti cümə günü BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə maliyyə ayrılmasını müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, qərar, Qəzza zolağında agentlik əməkdaşlarının keçən il oktyabrın 7-də ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu kimi tanınan HƏMAS qruplaşmasının İsrailə hücumunda əli ola biləcəyinə dair şübhələr yarandıqdan sonra verilib.

Deyilənlərə görə, BMT agentliyin işinə baxış keçirməyə başlayıb. ABŞ maliyyələşdirmənin bərpa edilib-edilməməsi ilə bağlı qərarın bu baxışın nəticələrinə əsasən veriləcəyini bildirib.

Agentliyin rəhbəri Filippo Lazzarini Fələstinli Qaçqınlara Yardım Agentliyinin bəzi əməkdaşlarının yoxlamasına başlandığını elan edib.

Onun sözlərinə görə, İsrail tərəfi BMT-yə əməkdaşların oktyabrın 7-də baş verən hadisələrdə əli olmaqda şübhəli bilinə biləcək materiallar təqdim edib.

Lazzarini neçə işçinin şübhə altına alındığını və onların konkret nədə ittiham edildiyini açıqlamayıb. Bununla belə, o, onlarla əmək müqavilələrinə artıq xitam verildiyini, şübhələr təsdiqlənərsə, günahkarların məhkəmə qarşısında cavab verəcəklərini deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə