Hakan Fidan BMT Təhlükəsizlik Şurasının sessiyasında çıxış etdi

Hakan Fidan BMT Təhlükəsizlik Şurasının sessiyasında çıxış etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin Qəzzada qarant mexanizminin yaradılması çağırışını təkrarlayıb.
BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Fələstinlə bağlı sessiyasında çıxış edən Hakan Fidan Qəzzada humanitar böhranın ciddi həddə çatdığını vurğulayaraq, təcili atəşkəs və bölgəyə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
“Qəzzada və ondan kənarda davam edən müharibə sülhün təmin olunmasına imkan verməz. Bizim bu müharibəni dayandırmaq üçün tarixi məsuliyyətimiz var” deyən Hakan Fidan beynəlxalq ictimaiyyətin Qəzzada və İordan çayının qərb sahilində axan qanı dayandırmaqda aciz olduğunu bildirib.
Hakan Fidan deyib: "Sülhü təmin edəcək və buna nəzarət edəcək qarant mexanizminin yaradılması ilə bağlı çağırışımızı bir daha təkrar etmək istərdim".
Qeyd edək ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu buna cavab olaraq Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb. Gərginlik səbəbindən əksəriyyəti uşaq və qadın olmaqla 25 mindən çox fələstinli həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə