Amerika Suriyadan gedir..?

Amerika mediası ABŞ-ın Suriyadan getmə planından, “oktyabrın 7-dən sonra prioritetlərin dəyişməsindən” yazıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Suriyada uzun illərdir ki, Amerika Birləşmiş Ştatlarının qoşunları var.

Separatçı terror təşkilatı PKK/YPG ilə təlimdən silah yardımına qədər sıx əlaqələri olan ABŞ indi mühüm qərarın ərəfəsindədir.

ABŞ-ın “Foreign Policy”nin xəbərində Suriyadan çəkilmənin planlaşdırıldığı yazılıb. Xəbərdə xatırladılıb ki, ABŞ-ın Suriyada 900-ə yaxın əsgəri var.

Ağ Evin Suriyadakı missiyanı lazımsız qəbul etdiyi və ora sərmayə qoymaq istəmədiyi bildirilib. Xüsusilə DEAŞ-ın Yaxın Şərqdəki vəziyyətinin ABŞ üçün həlledici səbəb olduğu yazılıb.

Qeyd edək ki, DEAŞ 2014-cü ildə İraqda ayda təxminən 850, 2023-cü ildə isə 9 hücum törədib.

Suriyadakı vəziyyət İraqdan daha mürəkkəb olduğu üçün və İsrail-Fələstin gərginliyində ABŞ-ın prioritetləri dəyişə biləcəyi üçün Amerika geriçəkilmə qərarı verib.

Suriyadan çəkilmənin nə vaxt və necə baş tutacağı bəlli olmasa da, məsələ ilə bağlı daxili müzakirələr davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə