“Biz müharibəni 24 saat ərzində bitirmək üçün vasitə tapa bilmədik”

Borrell Trampın açıqlamaları ilə “məzələnib”..?
“Biz müharibəni 24 saat ərzində bitirmək üçün vasitə tapa bilmədik”

...Avropa Birliyi bu il ABŞ prezidenti olaraq ikinci müddətə seçilmək istəyən Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsini 24 saat ərzində bitirmək niyyəti ilə bağlı bəyanatlarına reaksiya verib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Avropa İttifaqı Şurasının xarici işlər nazirləri səviyyəsində iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Qeyd edək ki, Trampın söz verdiyi kimi, 24 saat ərzində müharibəni bitirməyin real olub-olmaması ilə bağlı Borrelldən fikri soruşulub.

Borrell, 24 saat ərzində problemi həll etmək üçün sehrli bir düstur tapa bilmədiyini deyib.

Ukraynalıların müharibənin bitməsini ən çox istəyən insanlar olduğunu deyən, Borrell, “...əminəm ki, prezident Tramp onlara müharibəni 24 saat ərzində bitirmək üçün sehrli düstur verib, onları xoşbəxt edəcək”- deyə bildirib

Amma, deyəsən, bir az da Trampla “məzələnib”..?

Onu da qeyd edək ki, müharibəni bitirmək üçün neçə il çəkə biləcəyini söyləməkdən imtina edən Borrellin fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropanın mövcudluğuna da təhlükə yaradır.

Ona görə də o, “...biz Ukraynaya kömək etməyə hazır olmalıyıq” –deyə əlavə edib.

Yeri gəlmişkən, o, həmçinin müharibənin Ukraynadan kənara da yayıla biləcəyi ilə bağlı fərziyyələri dəyərləndirməyib.

Xatırldaq ki, bu yaxınlarda ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı müharibəni “çox tez” bitirəcəyinə söz vermişdi. Mübahisəli siyasətçi əmindir ki, o, “yaxşı tanıdığı” Ukrayna və Rusiya prezidentlərini dialoqa cəlb edə biləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə